Amnesty International: “Azərbaycan ölkə daxilində və sürgündə olan tənqidçilərə təzyiqləri dayandırmalıdır”
“Amnesty International” iyulun 2-də dərc etdiyi bəyanatda Azərbaycan hakimiyyətini ölkə daxilində və xaricdə hökuməti tənqid edən şəxslərə qarşı təqibləri dayandırmağa çağırıb.
Təşkilat bildirir ki, 2013-cü ildən etibarən Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı sistemli təzyiqlər nəticəsində müstəqil təşkilatlar faktiki olaraq sıradan çıxarılıb, yüzlərlə hüquq müdafiəçisi, fəal, jurnalist və siyasi opponent siyasi motivli ittihamlarla həbs edilib, bir çoxları isə ölkəni tərk etməyə məcbur qalıb.
“Amnesty International” hesab edir ki, bu təzyiqlər artıq Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Təşkilatın məlumatına görə, xaricdə yaşayan jurnalistlər, hüquq müdafiəçiləri, fəallar və hökumət tənqidçilərinin ailə üzvləri də təqib, izləmə, onlayn hücumlar, qarayaxma kampaniyaları, qiyabi cinayət təqibləri, bəzi hallarda isə fiziki hücum və qətllərlə üzləşirlər.
Bəyanatda qeyd olunur ki, son təzyiq dalğası 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 ərəfəsində başlayıb və bu günə qədər davam edir. “Amnesty International” bunu “vətəndaş cəmiyyətinə, müstəqil mediaya və hüquq müdafiəçilərinə qarşı davamlı repressiya” kimi qiymətləndirir.
Media işçilərinə qarşı təzyiqlər
“Amnesty International” bəyanatında müstəqil media qurumlarına qarşı cinayət işlərinə xüsusi yer ayırıb.
Təşkilat bildirir ki, 2023-cü ilin noyabrından bəri Azərbaycanda 30-a yaxın müstəqil jurnalist və media işçisi “saxta cinayət ittihamları” ilə həbs olunub və mühakimə edilib.
Bəyanatda “Abzas Media işi” ayrıca qeyd olunur. “Amnesty International” yazır ki, 2023-cü ilin noyabrından 2024-cü ilin dekabrına qədər “Abzas Media işi” üzrə bu media orqanının 6, “Azadlıq Radiosu”nun bir əməkdaşı həbs edilib. Onlar “valyuta qaçaqmalçılığı”, “çirkli pulların yuyulması” və digər ittihamlarla təqsirləndiriliblər. Təşkilatın məlumatına görə, 2025-ci ilin iyununda həmin jurnalistlər 7 il 6 aydan 9 ilə qədər azadlıqdan məhrum ediliblər.
Bəyanatda “Meydan TV” ilə bağlı cinayət işinə də toxunulur. “Amnesty International” bildirir ki, 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər “Meydan TV” ilə əlaqəli 12 jurnalist və media işçisi saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib. Təşkilat onların vəkillərinə istinadla yazır ki, jurnalistlər sıxlıq olan kameralarda saxlanılıb, cinsi qısnama və psixoloji təzyiqlərlə üzləşib, adekvat tibbi yardımdan məhrum ediliblər.
“Amnesty International” qeyd edir ki, bu iş üzrə məhkəmə prosesi davam edir. 2026-cı il iyunun 10-da isə üç hakimdən ibarət məhkəmə tərkibi heç bir izahat verilmədən dəyişdirilib. Vəkillərin fikrincə, bu dəyişiklik məhkəmənin yenidən başlamasına səbəb ola və jurnalistlərin həbs müddətini daha da uzada bilər.
Təşkilat “Abzas Media” işi üzrə araşdırma zamanı həbs olunan informasiya təhlükəsizliyi və IT idarəetməsi üzrə ekspert İlqar Əliyevin ölümünü də xatırladır. Bəyanatda bildirilir ki, o, 2023-cü ilin dekabrında həbs edilib, 2026-cı ilin mayında isə 13 saylı Cəzaçəkmə Müəssisəsində həyatını itirib.
“Amnesty International” yazır ki, İlqar Əliyev son səs yazısında polis əməkdaşlarının onun cibinə narkotik və psixotrop maddələr qoyduğunu, hədə-qorxu ilə etiraf ifadəsi verməyə məcbur edildiyini və imtina edəcəyi halda ailəsinin hədəfə alınacağı ilə təhdid olunduğunu deyib. Məhkəmə sənədlərində fiziki zorakılıq, psixoloji təzyiq, seçdiyi vəkillərə çıxışın məhdudlaşdırılması və prosessual sənədlərin saxtalaşdırılması iddialarının yer aldığı bildirilir.
Sürgündə jurnalistika: “Bu, seçim deyildi, yeganə mümkün variant idi”
“Amnesty International” bəyanatında xaricdə fəaliyyətini davam etdirən media qurumlarına da geniş yer verib. Təşkilat bildirir ki, Azərbaycanda müstəqil səslərin böyük hissəsi susdurulduqdan sonra hakimiyyət təzyiqləri ölkə xaricinə də daşıyıb.
Bəyanatda qeyd olunur ki, sürgündə olan jurnalistlər və hüquq müdafiəçiləri hədə-qorxu, izləmə, fiziki hücum, hökumətə yaxın mediada qarayaxma kampaniyaları, onlayn təqib və qiyabi cinayət təqibləri ilə üzləşirlər.
“Amnesty International” “Abzas Media”nın xaricdə fəaliyyət göstərən baş redaktor əvəzi Günel Səfərovanın fikirlərinə də yer verib. Həmkarları Azərbaycanda həbsdə olan Günel Səfərova “Amnesty International”a bildirib ki, işi xaricdən davam etdirmək “seçim deyildi, yeganə mümkün yol idi”.
Günel Səfərovanın sözlərinə görə, komanda Avropadan fəaliyyət göstərsə də, özünü tam təhlükəsiz hiss etmir. Peşəkar qərarlar, o cümlədən səfərlərlə bağlı qərarlar izləmə, təqib və transsərhəd repressiya riskləri nəzərə alınaraq verilir. Bu isə jurnalistlərin araşdırma aparmasına, ictimai əhəmiyyətli mövzuları işıqlandırmasına və peşə fəaliyyətini qorxusuz davam etdirməsinə təsir göstərir.
“Amnesty International” bildirir ki, Günel Səfərova və sürgündə olan onlarla jurnalist və hüquq müdafiəçisi susdurulmaqdan imtina edir. Onlar ictimai maraq doğuran mövzuları işıqlandırmağa, korrupsiya və insan haqları pozuntularını araşdırmağa, ədalət tələb etməyə və həbsdə olan həmkarlarının işini davam etdirməyə çalışırlar.
Sürgündəki jurnalist və fəallara hücumlar
“Amnesty International” bəyanatında xaricdə yaşayan azərbaycanlı tənqidçilərə qarşı fiziki hücum və təqib iddialarını da sadalayır.
Təşkilat 2017-ci ildə araşdırmaçı jurnalist Əfqan Muxtarlının Tbilisidən oğurlanaraq Azərbaycana gətirilməsini xatırladır. Bildirilir ki, Muxtarlı yüksək vəzifəli şəxslərin korrupsiya iddiaları və həbsdəki jurnalistlər barədə yazılarından sonra Gürcüstana köçmüşdü. 2025-ci il sentyabrın 9-da Avropa İnsan Haqları Məhkəməsi Gürcüstan hakimiyyətinin onun oğurlanması və pis rəftar iddiaları üzrə effektiv araşdırma aparmadığını, Azərbaycan hakimiyyətinin isə onun şəxsi həyat hüququnu pozduğunu müəyyən edib.
Bəyanatda Fransada yaşayan bloqer Məhəmməd Mirzəlinin bir neçə sui-qəsd cəhdindən sağ çıxdığı da qeyd olunur. “Amnesty International” yazır ki, Fransa hakimiyyəti bu hücumları Azərbaycan dövləti ilə əlaqələndirib. 2026-cı ilin mayında doqquz Azərbaycan vətəndaşı Mirzəlini öldürmək planı ilə bağlı Fransada mühakimə olunub və iyunda hökm çıxarılıb.
Təşkilat həmçinin Fransada yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin 2024-cü ilin sentyabrında bıçaqlı hücum nəticəsində öldürülməsini də xatırladır.
Bundan başqa, “Amnesty International” İsveçrədə yaşayan jurnalist Emin Hüseynovun Cenevrədə izlənildiyini iddia etdiyi bir neçə hadisəni, onun qardaşı, bloqer Mehman Hüseynovun ölüm təhdidləri aldığını və Avropada polis mühafizəsi altında yaşadığını da qeyd edir.
Bəyanatda Gürcüstanda saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Əfqan Sadıqovun işi də vurğulanır. “Amnesty International” bildirir ki, onun deportasiyası Avropa İnsan Haqları Məhkəməsinin Gürcüstandan Azərbaycana ekstradisiyanı qadağan edən müvəqqəti tədbirlərinə baxmayaraq həyata keçirilib.
Onlayn hücumlar və qarayaxma kampaniyaları
“Amnesty International” bildirir ki, sürgündə olan azərbaycanlı jurnalistlər və hüquq müdafiəçiləri tez-tez onlayn hücumlara və hökumətə yaxın mediada koordinasiyalı qarayaxma kampaniyalarına məruz qalırlar.
Bəyanatda qeyd olunur ki, Azərbaycan parlamentinin bəzi üzvləri sürgündəki tənqidçilərin “istənilən yolla neytrallaşdırılması” çağırışları ilə çıxış ediblər.
Bəyanatda “Osmanqızı TV”nin rəhbəri Sevinc Osmanqızının işi də qeyd olunur. “Amnesty International” yazır ki, 2026-cı ilin fevralında onun YouTube kanalındakı onlarla video bir neçə saat ərzində silinib, sonradan əksəriyyəti bərpa olunub.
Qiyabi cinayət təqibləri
“Amnesty International” bildirir ki, 2025-ci ilin martından etibarən Azərbaycan Baş Prokurorluğu xaricdə yaşayan 30-a yaxın jurnalist, bloqer, akademik, keçmiş məmur və vətəndaş cəmiyyəti fəalına qarşı qiyabi cinayət işləri başladıb.
Bəyanata görə, bu şəxslərə qarşı irəli sürülən ittihamlar əsasən kütləvi iğtişaşlara çağırış, dövlət əleyhinə açıq çağırışlar, hakimiyyəti zorla ələ keçirməyə təhrik, terrorla əlaqəli maddələr və maliyyə cinayətləri ilə bağlıdır.
“Amnesty International” hesab edir ki, bu işlərdə əsas hədəf dinc tənqid və jurnalistika fəaliyyətidir. Təşkilat bildirir ki, qiyabi cinayət təqibləri xaricdə yaşayan tənqidçilər üçün beynəlxalq səfərlər zamanı həbs riski, mümkün ekstradisiya cəhdləri və davamlı hüquqi qeyri-müəyyənlik yaradır.
Bəyanatda Sevinc Osmanqızının sitatı da yer alıb. Jurnalist bildirib ki, qiyabi cinayət işi və hökm barədə yalnız mediadan xəbər tutub.
“Mən həm cinayət işinin başlanması, həm də yekun hökm barədə yalnız mediadan xəbər tutdum. Mənə heç vaxt rəsmi bildiriş göndərilməyib, məhkəməyə çağırılmamışam, təmsil olunmamışam və prosesdə iştirak etmək, yaxud ona etiraz etmək imkanı verilməyib. Mənə qarşı göstərilən “sübutlar” altı YouTube yayımından ibarət idi – ən köhnəsi yeddi ildən çox əvvələ aid idi – onların heç birində zorakılığa çağırış, qanunsuz hərəkətə çağırış və ya hər hansı təhrik yox idi. Bu hökm təkcə təhdidin ayrıca forması deyil. Bu, daha geniş bir modelin tərkib hissəsidir. Məqsəd yalnız bir şəxsi cəzalandırmaq deyil. Məqsəd qorxuducu mesaj göndərməkdir: əgər jurnalistsənsə, çətin suallar verirsənsə, hakimiyyəti təhlil edirsənsə, bunun ağır bədəlini ödəyəcəksən”, – Sevinc Osmanqızı əlavə edib.
“Amnesty International” Azərbaycan hakimiyyətini ölkə daxilində və xaricdə tənqidçilərə qarşı transsərhəd repressiyaları dərhal dayandırmağa çağırıb.
Təşkilat həmçinin Azərbaycan hakimiyyətindən siyasi motivli ittihamlarla həbs olunan şəxslərin azad edilməsini, qiyabi məhkəmə təcrübəsinə son qoyulmasını, müstəqil media və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunvericiliyin dəyişdirilməsini, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasını və hökumət tənqidçilərinin ailə üzvlərinə təzyiqlərin dayandırılmasını tələb edib.
“Amnesty International” beynəlxalq tərəfdaşları da Azərbaycanda insan haqları vəziyyəti ilə bağlı narahatlıqları ikitərəfli və çoxtərəfli platformalarda qaldırmağa, sürgündə olan jurnalist və hüquq müdafiəçilərinin təhlükəsizliyini təmin etməyə, siyasi motivli ekstradisiya və “Interpol” sorğuları ilə əməkdaşlıqdan çəkinməyə çağırıb.



















Bir şərh yazın