Qətnamə Belçikadan olan parlamentari Kristof Lakruanın hesabatı əsasında hazırlanıb.

Sənəddə Azərbaycanda müxalif və müstəqil səslərin sistemli şəkildə susdurulduğu bildirilir. AŞPA hesab edir ki, ölkədə müstəqil media, siyasi müxalifət, vətəndaş cəmiyyəti və ifadə azadlığı məhdudlaşdırılıb.

Assambleya “Sərhədsiz Reportyorlar” təşkilatının son Mətbuat Azadlığı İndeksinə istinad edərək Azərbaycanın 180 ölkə arasında 171-ci yerdə olduğunu xatırladıb. Qətnamədə bu göstəricinin illərdir davam edən müstəqil medianın sıxışdırılması siyasətinin nəticəsi olduğu qeyd edilir.

AŞPA bildirir ki, Azərbaycanda “Media haqqında”, “Siyasi partiyalar haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında” qanunlar ölkədə müstəqil jurnalistikanın, real siyasi rəqabətin və vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarını daraldıb.

Qətnamədə qeyd olunur ki, 2026-cı il etibarilə Avropa Şurasına üzv olan Azərbaycanda ölkə daxilində fəaliyyət göstərən heç bir müstəqil media qurumu qalmayıb. Avropa Şurasının jurnalistlərin təhlükəsizliyi üzrə platformasının məlumatına əsasən, hazırda Azərbaycanda 36 jurnalist həbsdədir.

AŞPA “Abzas Media” jurnalistlərinə və əməkdaşlarına uzunmüddətli həbs cəzalarının verilməsini sərt şəkildə pisləyib.

Qətnamədə bildirilir ki, məhkum olunanlar arasında “Abzas Media”nın baş redaktoru Ülvi Həsənli də var. AŞPA xatırladır ki, Ülvi Həsənli daha əvvəl Assambleyanın Hüquq məsələləri və insan hüquqları komitəsi qarşısında Azərbaycanda jurnalistlərin vəziyyəti barədə çıxış edib.

Assambleya beynəlxalq təşkilatlarla əməkdaşlıq edən şəxslərin cəzalandırılması üçün cinayət hüququndan istifadəni qətiyyətlə pisləyib.

Qətnamədə “Azadlıq Radiosu”, “Toplum TV”, “Meydan TV”, “Kanal 11” və “Kanal 13” əməkdaşlarının da oxşar təzyiq nümunələri ilə üzləşdiyi bildirilir. AŞPA qeyd edir ki, bu media qurumlarının jurnalistləri və əməkdaşları ya məhkum olunub, ya da uydurma görünən ittihamlarla təqib edilir.

Sənəddə digər jurnalistlər, bloqerlər, demokratiya fəalları, müxalifət nümayəndələri, antikorrupsiya ekspertləri və hüquq müdafiəçiləri arasında Qubad İbadoğlu, Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Elnarə Qasımova, Nərgiz Absalamova, Əli Zeynal, Fərid Mehralızadə, Bəxtiyar Hacıyev, Rüfət Səfərov və Əli Kərimlinin adları çəkilir.

AŞPA bildirir ki, bu şəxslərin hamısı ya həbsdədir, ya ev dustaqlığındadır, ya da siyasi motivli olduğu iddia edilən ittihamlarla qeyri-mütənasib cəzalar alıblar.

AŞPA Azərbaycanda həbsdə olan doqquz qadın jurnalistə qarşı seksual zorakılıq barədə son məlumatlardan sarsıldığını bildirib.

Qətnamədə qadın jurnalistlərin zorlama hədələri və həbsxana əməkdaşları tərəfindən seksual qısnama ilə üzləşdiyi barədə iddialar qeyd olunur.

Assambleya Azərbaycan hakimiyyətini bu iddiaları dərhal, şəffaf və effektiv şəkildə araşdırmağa çağırıb.

AŞPA qeyd edir ki, Venesiya Komissiyasının Media haqqında Qanun, Siyasi partiyalar haqqında Qanun və Qeyri-hökumət təşkilatları haqqında Qanunla bağlı tövsiyələrinin heç biri icra olunmayıb.

Əksinə, qətnamədə bildirilir ki, son illərdə əlavə məhdudiyyətlər tətbiq edilib. Bunlara xarici media qurumlarının filiallarının ləğvi prosedurunun sadələşdirilməsi, media subyektlərinin adlandırılması ilə bağlı sərt qaydalar və qeyri-hökumət təşkilatlarının beynəlxalq maliyyə almasının faktiki bloklanması daxildir.

AŞPA hesab edir ki, bu addımlar Azərbaycanda media və vətəndaş cəmiyyəti üzərində “soyuducu effekt”i daha da gücləndirib.

Qətnamədə AŞPA-nın 2020-ci ildə qəbul etdiyi “Azərbaycanda siyasi məhbuslarla bağlı bildirilən hallar” adlı qətnamə xatırladılır.

Assambleya Azərbaycanda siyasi məhbus olduğu bildirilən şəxslərin sayının artmasından ciddi narahatlıq ifadə edir. Sənəddə Siyasi Məhbusların Azadlığı Uğrunda Azərbaycan İttifaqının məlumatına istinadən bildirilir ki, 2026-cı ilin may ayına olan məlumata görə, Azərbaycanda 328 siyasi məhbus var.

AŞPA bu kontekstdə hüquq müdafiəçisi və seçki müşahidəçisi Anar Mammadlinin həbsini xüsusi qeyd edib.

Qətnamədə Anar Məmmədlinin 2014-cü il Václav Havel İnsan Hüquqları Mükafatı laureatı olduğu xatırladılır. AŞPA bildirir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Anar Məmmədlinin əvvəlki həbsinin siyasi motivli olduğunu və Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 18-ci maddələrinin pozulduğunu müəyyən edib.

Assambleya Anar Məmmədliyə qarşı hazırkı ittihamda onun əvvəlki cinayət işinə istinad edilməsini narahatedici sayır. AŞPA bildirir ki, həmin iş üzrə Avropa Məhkəməsinin qərarının icrası hələ tamamlanmayıb və Azərbaycan hakimiyyəti əvvəlki məhkumluğun yeni cinayət işinə təsir etməməsini təmin etməlidir.

Qətnamədə Anar Məmmədlinin son həbsinin onun rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin 2024-cü ilin fevralında keçirilmiş prezident seçkilərində pozuntular barədə məlumat yaymasından və onun Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası ilə əməkdaşlığından sonra baş verdiyi bildirilir.

AŞPA hesab edir ki, Anar Məmmədlinin hazırkı həbsi sırf siyasi səbəblərlə tətbiq edilmiş kimi görünür və bu, onun AŞPA-nın 1900 saylı qətnaməsində müəyyən edilmiş siyasi məhbus anlayışına uyğun gəldiyini göstərir.

Assambleya müstəqil tədqiqatçılar İqbal Əbilov və Bəhruz Səmədov barəsində çıxarılan ağır hökmləri də pisləyib.

Qətnamədə onların Ermənistan universitetləri və vətəndaşları ilə adi akademik və peşəkar əlaqələri əsasında “dövlətə xəyanət” ittihamı ilə məhkum olunduğu bildirilir.

AŞPA akademik azadlığın demokratik cəmiyyətlərin əsas komponentlərindən biri olduğunu xatırladıb.

AŞPA Azərbaycanın 2025 və 2026-cı illər üçün nümayəndə heyətinin mandatlarını təqdim etməməsinə də toxunub.

Qətnamədə bildirilir ki, Azərbaycan 2024-cü ildə qəbul edilmiş və ölkənin Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı ciddi narahatlıqları əks etdirən qərara cavab olaraq Assambleyanın işində iştirak etməməyi seçib.

Assambleya hesab edir ki, Azərbaycan nümayəndə heyətinin iştirak etməməsinə baxmayaraq, ölkədə insan hüquqları ilə bağlı vəziyyətin müzakirəsi vacibdir. AŞPA bunu Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinə əməl etmək istəyinə dair ciddi suallar yaratması ilə əsaslandırır.

Qətnamədə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çoxsaylı qərarlarının hələ də icra olunmadığı vurğulanır.

AŞPA bildirir ki, icra olunmamış qərarlar arasında onlayn medianın qanunsuz bloklanması, vəkillərin əsassız şəkildə peşədən uzaqlaşdırılması, cinayət qanunvericiliyindən ifadə azadlığını məhdudlaşdırmaq üçün istifadə olunması, vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatından qanunsuz imtina edilməsi, jurnalistlərin təhlükəsizliyinin pozulması, hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların susdurulması üçün cinayət hüququndan sui-istifadə halları var.

Assambleya xatırladır ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, Avropa Məhkəməsinin qərarlarını icra etməyə borcludur. AŞPA Azərbaycanın Assambleyanın işində iştirak etməməsini Məhkəmə qərarlarının icrasından yayınmaq üçün əsas kimi qəbul etmir.

Sənəddə həmçinin Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinə hakim vəzifəsi üçün namizədlər siyahısını vaxtında təqdim etmək öhdəliyi olduğu bildirilir.

Qətnamədə AŞPA Azərbaycandan Avropa Şurası Nizamnaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq insan hüquqları müqavilələri üzrə öhdəliklərinə əməl etməyi tələb edir.

Assambleya jurnalist fəaliyyəti, korrupsiya araşdırmaları, demokratiya tərəfdarı mövqeyi, insan hüquqlarının müdafiəsi və müstəqil akademik tədqiqatları səbəbindən hədəfə alınan şəxslərə qarşı hədə-qorxu, təqib və cinayət işlərinin dayandırılmasına çağırır.

AŞPA həmin şəxslərdən həbsdə olanların dərhal azad edilməsini istəyir.

Assambleya Azərbaycan hakimiyyətini siyasi məhbus siyahılarında yer alan şəxslərin işlərinə yenidən baxmağa, AŞPA-nın siyasi məhbus anlayışına uyğun gələn şəxsləri azad etməyə, siyasi motivli ittihamları ləğv etməyə və məhkumluqları aradan qaldırmağa çağırır.

Qətnamədə həbsdə olan şəxslərin azadlığa buraxılanadək beynəlxalq insan hüquqları standartlarına uyğun saxlanma şəraiti ilə təmin olunması, onların lazımi tibbi yardıma, vəkilləri və ailələri ilə əlaqəyə çıxışının təmin edilməsi tələb olunur.

AŞPA həmçinin Azərbaycan hakimiyyətindən məhbuslara qarşı işgəncə və pis rəftar hallarının qarşısının alınmasını, bu cür iddiaların dərhal və effektiv araşdırılmasını, günahkarların məsuliyyətə cəlb olunmasını istəyir.

Assambleya jurnalistlərə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı fiziki hücumların, zorakılıq hədələrinin və nifrət cinayətlərinin düzgün araşdırılmasını tələb edir.

AŞPA Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsi tərəfindən müəyyən edilmiş struktur və sistemli problemlərin aradan qaldırılması üçün təcili ümumi tədbirlər görülməsini istəyir. Bu problemlər ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmək azadlığı, azadlıq hüququ və ədalətli məhkəmə hüququ ilə bağlıdır.

Qətnamədə Azərbaycan qanunvericiliyinin insan hüquqlarının tam təmin edilməsi, hüququn aliliyinə hörmət və məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından yenidən nəzərdən keçirilməsi, Venesiya Komissiyasının tövsiyələrinin icrası tələb olunur.

AŞPA Azərbaycanı İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin bütün hesabatlarının dərcinə razılıq verməyə və həmin hesabatlardakı tövsiyələri icra etməyə çağırır.

Assambleya həmçinin Azərbaycanda AŞPA-nın bəzi üzvlərinin “arzuolunmaz şəxs” elan edilməsi barədə qərarların ləğvini istəyir.

AŞPA Milli Məclisi Assambleya ilə dialoqu bərpa etməyə çağırıb.

Qətnamədə Azərbaycan hakimiyyətinə müraciətlə bildirilir ki, parlament nümayəndə heyətinin mandatlarının təqdim edilməməsi Avropa Şurası qarşısındakı öhdəliklərdən yayınmaq üçün bəhanəyə çevrilməməlidir.

Assambleya qeyd edir ki, bu öhdəliklərə Avropa İnsan Hüquqları Konvensiyası sistemində tam iştirak, Avropa Məhkəməsinə hakim vəzifəsi üçün namizədlər siyahısının təqdim edilməsi və Məhkəmə qərarlarının icrasına nəzarət prosesinə yenidən qoşulmaq daxildir.

AŞPA hesab edir ki, Avropa Şurası qurumları ilə effektiv əməkdaşlıq Azərbaycanın öz maraqlarına da uyğundur.

Qətnamədə Avropa Şurasına üzv dövlətlərə, müşahidəçi dövlətlərə və Avropa İttifaqına da çağırış edilir.

AŞPA onlardan Azərbaycan hakimiyyəti ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda işləyərək siyasi məhbusların azad edilməsinə nail olmağı istəyir.

Assambleya keçmiş siyasi məhbuslara, azərbaycanlı müxalifət siyasətçilərinə, vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə və hüquq müdafiəçilərinə viza verilməsinin asanlaşdırılmasını, onların sığınacaq müraciətlərinə diqqətlə baxılmasını tövsiyə edir.

Qətnamədə həmçinin siyasi motivli hesab oluna biləcək ittihamlarla Azərbaycan vətəndaşlarının ekstradisiyası tələblərinin rədd edilməsi, siyasi təqib riski ilə üzləşəcək şəxslərin Azərbaycana deportasiya olunmaması istənilir.

AŞPA Avropa Şurasının Baş katibini Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsi üzrə səlahiyyətlərindən istifadə etməyə çağırıb.

Assambleya Baş katibdən Azərbaycan hakimiyyətindən daxili qanunvericiliyin Konvensiyanın effektiv icrasını necə təmin etdiyinə dair izahat tələb etməsini istəyir.

Qətnamədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinə də bu sənədi nəzərə almaq və işlərini intensivləşdirmək çağırışı edilir.

Assambleya sonda Azərbaycanda hüquq müdafiəçilərinin və müstəqil jurnalistlərin müdafiəsi məsələsini gündəmdə saxlayacağını bildirib.

Qətnamənin lehinə 68 nəfər, əleyhinə 8 nəfər səs verib. 6 nəfər bitərəf qalıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni “qərəzli və birtərəfli” adlandırıb.

“APA”məlumatına görə, Səməd Seyidov bildirib ki, AŞPA-da “anti-Azərbaycan yalanları və böhtanları ilə dolu” növbəti sənəd qəbul edilib.

“Bu addımlar bir daha göstərir ki, həmin təşkilat birtərəfli, ikili standartlara xidmət edən və qeyri-obyektiv mövqedən çıxış edir. Əslində, bu qətnamənin qəbul olunması zamanı Ukrayna nümayəndə heyətinin üzvünün çıxışı hər şeyi öz yerinə qoydu. Həmin çıxışda qeyd edildi ki, əgər insan hüquqlarından danışırsınızsa, bu sahədə problemlər bütün ölkələrdə mövcuddur və bundan siyasi arqument kimi istifadə etmək düzgün deyil. Ən böyük təəssüf doğuran məqam isə odur ki, Azərbaycan bu gün Cənubi Qafqazda sülh yaradır, siz isə bu sülhü pozmaq niyyətindəsiniz. Siz bu proseslərə müdaxilə edərək onları pozmağa çalışırsınız”, – Səməd Seyidov deyib.

Onun sözlərinə görə, məqsəd Cənubi Qafqazda yenidən qarşıdurma, müharibə, gərgin və təhlükəli vəziyyət yaratmaq, daha sonra bu vəziyyətdən istifadə edərək bölgədə “ağalıq etmək”, göstəriş vermək və “müəllim kimi dərs keçmək”dir.

“Onlar heç vaxt bu regiona səmimi yanaşmayıblar və indi də öz niyyətlərindən əl çəkmirlər. Ancaq başa düşməlidirlər ki, zaman dəyişib, Azərbaycan dəyişib, region dəyişib və Avropanın özü də dəyişib. Onlar bu addımlarla Avropa institutlarını nüfuzdan salır, bununla da Avropanın gələcəyinə və cazibədarlığına zərbə vururlar. Ona görə də bu kağız parçasının bizim üçün artıq heç bir əhəmiyyəti yoxdur. Çünki biz çoxdan bu təşkilata münasibətimizi bildirmişik və fəaliyyətimizi orada dayandırmışıq”, – komitə sədri bildirib.

Səməd Seyidov əlavə edib ki, həm Avropa Şurası Parlament Assambleyası, həm də Avropa İnsan Hüquqları Məhkəməsi “öz nüfuzlarını və təsir imkanlarını itirdikləri üçün çıxış yolu tapa bilmirlər”.

“Məhz buna görə də anti-Azərbaycan, azərbaycanofob, türkofob və islamofob məzmunlu qətnamələr qəbul edirlər”, – o deyib.

Səməd Seyidov qətnamənin Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan müəyyən dairələrin maraqlarına xidmət etdiyini bildirib.

Onun sözlərinə görə, belə şəxslərdən biri də almaniyalı deputat Frank Şvabedir:

“Biz Frank Şvabenin mövqeyini də, niyyətini də yaxşı bilirik. Bu, artıq heç kim üçün sirr deyil. O, Azərbaycanın uğurlarına və tərəqqisinə heç vaxt sevinməyib, daim əks mövqe sərgiləyib. Bu gün də öz təsir imkanlarından istifadə edərək həmin təşkilatı müəyyən mənada nəzarətdə saxlamağa çalışır. Təəssüf ki, təşkilatın özündə də bu cür yanaşmalara qarşı çıxacaq kifayət qədər iradə və cəsarət görünmür. Ona görə də bu təşkilatın həm əhəmiyyəti, həm təsiri, həm də nüfuzu demək olar ki, ciddi şəkildə zəifləyib”.

https://pace.coe.int/en/pages/session-202606


Femidaİnfo.com sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir şərh yazın


Son yazılar

@hocalihaber

Qeyd edək ki, Sevinc Babayeva, 2012-ci ildə böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri olub. O, eyni zamanda Bakı Beynəlxalq Kitab Evinin keçmiş direktoru idi. sevincbabayeva fuadağayev

♬ orijinal ses – hocalihaber

← Back

Your message has been sent